xeberler.az : Mobil tətbiq müsabiqəsinin qalibləri

Bakutel çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsininin qalibləri mükafatlandırılıb. 

Nazirlikdən Xeberler.az-a verilən məlumata  görə, müsabiqəyə 11 qrup və 8 nəfər fərdi olaraq hazırladıqları maraqlı mobil tətbirlərlə qatılıblar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkı MMC-nin, Best Comp Group, Microsoft şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların müsabiqəyə təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan mobil tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib.

Qeyd edək ki, mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.

Münsiflər heyətinin qərarı ilə “Plus Group” komandası – I yer, “The Dev Squad” komandası – II yer, “No Name” komandası – III yerə layiq görülüblər.

Məlumat Hesablama Mərkəzi tərəfindən birinci yerin sahibinə 2000 AZN, ikinci yerin sahibinə 1500 AZN, üçüncü yerin sahibinə isə 1000 AZN pul mükafatı, kuboklar və  diplomlar təqdim edilib. Bütün iştirakçılara isə elektron imza sertifikatı hədiyyə olunub.

Müsabiqədə iştirak edən bütün tələbələr isə “Microsoft BizSpark” layihəsi çərçivəsində Microsoft-unmasaüstü proqramlarını, server həllərini və bulud imkanlarını əldə ediblər.

Yüksək Texnologiyalar Parkı isə 2 layihənin müəllifləri - I və II yer sahiblərinə - 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradıb.

Mənbə: http://xeberler.az/new/details/mobil-tetbiq-musabiqesinin-qalibleri-foto--19388.htm