Harada mesajlaşırıq?

intenetlə əlaqəli olan nə varsa

Harada mesajlaşırıq?

Mesajlaşma dedikdə ilk olaraq sosial şəbəkələr haqqında düşünürük amma bu o qədər də düzgün fikir deyil. Çünki, sosial şəbəkə və mesajlaşma bir-birindən asılı olmayaraq, müstəqil şəkildə yaşaya bilən platformalardır. Məsələn, milyardlıq istifadəçi bazasına malik Facebook sosial şəbəkəsinin əvvəllər mesaj bölməsi var idi, həmin bölmə illərlə inkişaf etdi və sonda "Messenger" tətbiqinə çevrildi və Facebook -dan ayrıca, müstəqil işləməyə başladı. Messenger əhatəsini daha da genişləndirmək üçün smartfonda sms qəbulunu da reallaşdırdı, faylların göndərilməsini asanlaşdırdı və son zamanlar trenddə məşhur olan "Story" -sutkalıq şəkil və ya videonun paylaşması funksiyasını əlavə edərək istifadəçilərin marağını cəlb etmək istədi. Səhifələr üçün avtomatik cavablamanı və proqramçılar üçün bir platformaya çevirməyə çalışdı. 

"Chat Heads" imkanı

"Messenger" -ın digərlərindən üstünlüyü kimi "Chat Heads" funksiyasını qeyd etmək olar. Bu smartfonda yaxud planşetdə digər tətbiqlərdə olan zaman ayrıca pəncərədə tam funksionala malik messenger-dan istifadə etmək imkanı yaratmışdır. Və xüsusilə Web versiyası haqqında qeyd etmək istərdim. Bir sözlə bərbaddır, “çox ağır” işləyir. Həm Facebook -un mesajlar bölməsinə həmçinin ayrıca saytdan da girmək mümkündür. 

İnstagram -ın Direct bölməsini də qeyd etmək istərdim. Direct -ın əsas istifadəçi bazası elə aylıq 800 milyon aktiv istifadəçisi olan İnstagram -dır. Lakin mesajlaşmaq üçün geniş anlamda yararlı deyil. Orta statistik mesajlaşma tətbiqlərinin funksionalının heç yarısı burda mövcud deyil. Directın özəlliyi mesajların silinməsini qeyd edərdim. İnstagram Direct bölməsini inkişaf etdirir və daha çox digər platformalara bənzədir. 

Məsələn, əvvəllər "Story" bölməsini yaratdı və onu birbaşa Direct-a bağladı, belə ki, Story-ə yazılmış cavablar hamı üçün deyil, şəxsi olaraq onun Direct -ına yazılır. Son zamanlarda "last seen" funksiyasını əlavə etdi və daimi olaraq"sticker"-lar ilə maskalar, video effektlər bölməsini inkişaf etdirir. Hətta bir neçə ay qabaq eksperimental olaraq “Direct from Instagram” tətbiqini də buraxdı, lakin hələ bizim ölkədə onu yükləmək mümkün deyil. İnstagramın veb səhifəsinə brauzerdən daxil olmaq, şəkilləri izləmək, onları bəyənmək və şərh yazmaq mümkündür, lakin onun direct bölməsinin Web versiyası mövcud deyil. Və aydındır ki, Web versiyada direct olmadığından “Story”-lərə cavablamaq da mümkün deyil. İnstagram -ın Windows ƏS üçün versiyası vardır, onu həm mobil həm də fərdi kompyüterlərdə yükləmək və istifadə etmək mümkündür. Lakin qeyd etmək lazımdır ki, həm Windows ƏS ilə işləyən smartfonlarda, həm kompyüterlərdə həmin tətbiqin işləməsində böyük problemlər və çatışmamazlıqlar vardır. Bunu Microsoft Store-da tətbiqə verilmiş reytinqdən, həm də ona yazılmış şərhlərdən asanlıqla bilmək olar. 

"WhatsApp" öz kritik istifadəçi bazasını yığmışdır, belə ki, artıq telefonda nömrə varsa mütləq də, Whatsapp -ı vardır anlamına gəlir. Ancaq onun bir platforma kimi inkişafına zaman - inkişaf nisbəti ilə diqqət yetirsək, görərik ki, çox zəif inkişaf edir. İstifadəsində kəsintilərin sayı çoxalır, və "WhatsApp" daha da geniləndikcə öz zəif yerləri qabarıq aşkar olur. Son zamanlar da digər platformalarda çoxdan realizə edilmiş mesajların silinməsi imkanını artırdı, amma 7 dəqiqəlik limit qoydu. Tətbiqin yalnız bir cihaza bağlanması istifadəsini məhdudlaşdırır. 2018-ci ilin yanvarında "WhatsApp Business" tətbiqini şirkətlərin müştəriləri arasında əlaqənin daha da əlçatan etməsini reallaşdırmaq üçün yaratdı. “WhatsApp” ilə "WhatsApp Business" arasındakı fərq, avtomatik və hazır cavabların olması və profil bölməsində şirkətin ünvanını, veb saytını və digər məlumatlarını yerləşdirmək üçün əlavə yerlərin olmasıdır. 

Web versiyası isə smartfonun şəbəkədə olması zərurətini yaradır və giriş etmək üçün smartfon vasitəsi ilə Whatsapp -da uyğun bölməsi ilə səhifədə olan QR kodu oxutmaq lazımdır. Müxtəlif əməliyyat sistemləri üçün versiyaları olsa da, yekunda hamısı sadəcə eyni Web versiyanı əks etdirir. Və belə bir hiss yaranır ki, "WhatsApp" bilərəkdən bütün imkanlarını məhdud şəkildə reallaşdırır. 

Və xüsusi ilə diqqətinizə çatdırmaq istərdim ki, yuxarıda adı çəkilən “Messenger”, “İnstagram”, “Whatsapp” nəhəng-mesajlaşma platformaların hamısı “Facebook” -a məxsusdur. Facebook Instagramı 1 milyarda, WhatsApp-ı 19 milyarda almışdır. Və belə nəticəyə gəlmək olar ki, Facebook əlindən gələni edir ki, “bazarda” onunla rəqabət apara bilən platforma qalmasın. Və dünyanın bütün mesajlaşması onun əlindən keçsin. 

Google nəhəng korporasiya olmasına baxmayaraq, mesajlaşma işində digərlərinə nisbətdə zəif inkişaf etmişdir. Əvvəl “Google Talk”, “Hangouts”, Google “Duo” və “Allo” və s. olmasına baxmayaraq, hələ də qədərincə istifadəçi sevgisini qazana bilməmişdir. Əlbəttə dünya üzrə mesajlaşma platformalarına baxsaq, “Viber”, “Line”, “BBM”, “WeChat” və s. misal göstərə bilərik. Lakin onlar ilə qədərincə daimi istifadə təcrübəm olmadığından onlar haqqında bir şərh verməyəcəm.